Əsas görkəmi, simvolları saxlanacaq
Torpaqlarımız işğaldan azad ediləndən sonra yenidən doğulur. Erməni işğalı nəticəsində rayonlarımızın xarabazara çevrilən canlı tablosu hər kəsin gözünün önündədir. Hazırkı mövcud durumla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması ümdə vəzifələrdən biri kimi qarşıya qoyulub və o yerlərə beynəlxalq diplomatik korpusun, media nümayəndələrinin səfərləri ilə yanaşı, yerli media turları da təşkil olunur.
Bu günlərdə isə belə bir mediatur Ağdam şəhərinə təşkil olundu. O şəhərə ki, ermənilər tərəfindən yerlə-yeksan edilib, qəbir daşları dağıdılıb, abidələri məhv edilib.
Ağdamın dünəni, bugünü barədə “Həftə içi”nə danışan, vaxtilə Ağdam İcra Hakimiyyətində çalışan, hazırda isə YAP təşkilatıında aparat rəhbəri kimi fəaliyyət göstərən Zülfü Qasımov incə, maraqlı məqamlara diqqət çəkib. Qeyd edək ki, 13 martda təşkil edilən mediatur zamanı Ağdam haqqında buraya səfər edənlərə bələdçiliyi məhz Zülfü Qasımov edirdi.
“Ağdama çatanda hönkürtü ilə ağladım”
- Zülfü müəllim, “bu illəri Ağdamsız necə yaşadım” deyə, yəqin ki, çox düşündünüz. Bu gün o yerlərə gedəndə mövcud mənzərə sizdə hansı hissləri oyadır?
- 1993-cü il iyulun 23-də Ağdamdan ən axırıncı çıxanlardan biri mən olmuşam. Ağdam həqiqətən də respublikanın ən abad, müasir sənaye şəhərlərindən biri olub. Yeganə şəhər idi ki, layihə ilə işlənilmişdi və bütün küçələr düz xətlə çəkilmişdi. Biz oradan çıxdıq və 30 il Ağdam həsrəti ilə yaşadıq. Bu 30 ildə Ağdamın ərazisini bir dəfə də olsun tərk eləmədim. Gözləyirdik ki, görən biz ora nə vaxt qayıdacağıq. Allah Prezidentimizə dəyməsin, onun rəhbərliyi altında axır ki, noyabrın 20-də Ağdam şəhəri işğaldan azad olundu. Mən 4 gün sonra Ağdama getdim. İnanın ki, Ağdama çatanda özümü saxlaya bilmədim, hönkürtü ilə ağladım. Köhnə Ağdamdan heç bir əsər-əlamət qalmayıb. Bütün tikililər, bütün kommunikasiya xətləri, hər bir şey dağıdılıb. Ora gedəndə küçələrimizi tanımadım…
Bu gün Ağdam şəhərinə gediriksə, bu bizə bəs edir, şəxsən məni qane edir. 74 yaşım var, inanmırdım ki, Ağdamı gedib görəcəyəm. Ağdama getdimsə, Ağdamı gördümsə, bu, mənə bəsdir.
Ora 7-8 dəfə getmişəm. Hikmət Hacıyev birinci ilk qrupla Ağdama gələndə onlarla getdik. İki gün sonra böyük bir diplomatik korpusla getdim. Bu dəfə kütləvi informasiya vasitələri ilə getdim. Hörmətli Hikmət Hacıyevin tapşırığı ilə mətbuat nümayəndələrinə bütün məlumatları mən verirdim. Rayonda şəhəri mənim qədər yaddaşda saxlayan yoxdur. Şəhərin tikintisinin 99 faizində iştirak eləmişəm. Orada əməyim var. İndi onu belə dağılmış vəziyyətdə görəndə çox pis oluram. Bu gün Ağdam ərazisində hərəkət edə biliriksə, böyük xoşbəxtlikdir. Düzdür, vaxtilə Ağdamı yaratmışdılar, indi yenə bərpa olunacaq Ağdam. Ağdamın bölgələrini əvvəlkindən də yaxşı bərpa edəcəyik. Gün o gün olsun, yenidən qurulmuş, abadlaşmış Ağdama gedək. Bəlkə mən gedə bilməyəcəm, amma ağdamlılar gedəcəklər.

Ağdamı inkişaf etmiş sənaye şəhəri də adlandırırdılar
- Zülfü müəllim, 30 ilin ayrılıq həsrətini bu gün də müsahibə zamanı göz yaşlarınızla yaşadınız. İnşAllah o gözəl Ağdamın səfalı, gözəl günlərini də görərsiniz. Ziyalıları, adı ilə məhşur olan o şəhəri nələri ilə xatırlıyırsınız, nələri ilə məşhur idi Ağdam?
- Ağdam şəhərinin 50 küçəsi, 5 kənd sahəsi, 2 böyük məhəlləsi var idi. Şəhərin özündə 40 mindən artıq əhali yaşayırdı.
Hər kəs öz şəhərini, rayonunu, kəndini gözəl görər, sevər. Həqiqətən də Ağdamın özünəməxsusluğu var. Vaxtilə Ulu Öndər də demişdi ki, Ağdam böyük ziyalılar mərkəzi, böyük inkişaf etmiş şəhər olub. Ağdam şəhəri böyük sənaye müəssisəsi olub. Ağdamda 17 sənaye müəssisəsi, 31 tikinti təşkilatı, 7 nəqliyyat müəssisəsi var idi, böyük Ağdam Dəzgahqayırma Zavodunda 950 adam işləyirdi. Böyük taxıl məhsulları kombinatı vardı. 14 rayonun kənd təsərrüfatı texnikası Ağdamın Traktor Təmiri Zavodunda təmir olunurdu. Bütün Qarabağa gələn malların hamısı Ağdamdakı rayonlararası bazaya yerləşdirilirdi. Ağdamın inkişafını göstərən dəmiryol stansiyası, avtovağzal, aeroport, Ağdamın bazarı adı ilə məşhurdur. Ağdam bazarının zənginliyi barədə belə rəvayət də yaranmışdı: demişdilər ki, “atom bombası çıxıb”, dedilər, “Ağdam bazarında yoxdursa, yalan söhbətdir”. Bu bazarda hər şey mütləq olurdu. Bazarın böyründə böyük ticarət pasajı yaranmışdı, uzunluğu 210, eni 16 metr. Bu, böyük ticarət mərkəzi idi. Ağdam şəhəri başlayırdı 50 nömrəli Texniki Peşə Məktəbindən, qurtarırdı Əhmədavar kəndində. Təsəvvür edin, ikitərəfli yol idi, ortasında da geniş park. Ağdama gələnlər heyrətlənirdilər ki, bu cür layihə ilə işlənmiş, mərkəzləşdirilmiş rayon var. Məşhur Çay Evi Ağdamın simvoluna çevrilmişdi. Ağdam Dram Teatrını götürək, kənd teatrları arasında ora ilk Dövlət Dram Teatrı adı verilmişdi. Ona kimi nə qədər müəssisə var idi. Bazarın sağ tərəfində bir dəmirçixana var idi ki, orada təxminən, 100 nəfər işləyirdi. Təsəvvür edin, yüz dəmirçi çəkici eyni vaxtda zindana vuranda necə bir səs alınar. Əlbəttə ki, çox maraqlı idi.
Məşhur Xarı Bülbül Festivalı
O vaxt raykomun - indiki İcra hakimiyyətinin üçmərtəbəli binası var idi. Orada bütün ictimai təşkilatlar var idi. Bayaq qeyd etdiyim kimi, Ağdam şəhəri, artıq sənaye şəhərinə çevrilmişdi. Ağdamı bir kənd rayonu kimi yox, inkişaf etmiş sənaye şəhəri də adlandırırdılar. Bu da məni çox sevindirir və bu da bir inkişaf idi.
Belə səfərlərin birində “İmarət staduonu”nda böyük tədbirimiz oldu. “İmarət” Pənahəli xanın sarayı olub. Burada Pənahəli xanın özünün, İbrahimxəlil xanın oğlu və nəvəsi Mehtiquluxanın məqbərələri olub.
1980-ci il may ayının 2-də Natəvan qızlar bayramı və Xarı bülbül ümumdünya festivalı keçirilirdi. Təsəvvür edirsiniz, 1989-1990-cı ildə Xarı Bülbül Festivalına Amerikadan, Türkiyədən, Meksikadan, Orta Asiya respublikalarından iştirakçılar gəlirdilər. Həmin festivalı Abdulla Qurbani hazırlayırdı. Bir tribunada 1000 nəfər eyni vaxtda xor oxuyurdu. 1500 nəfərə qədər stadionda oynayırdı. Festival çox gözəl olurdu. O günlərin xatirələri hələ də “Youtube”da var.
İkinci Şəhidlər Xiyabanının yeri bilinmir
- Zülfü müəllim, kadrlardan, paylaşımlardan da görünür ki, bizim media nümayəndələri və digər səfər iştirakçıları Ağdamda yalnız Milli Qəhrəman Allahverdi Bağırovun qəbri yanında xatirə şəkli çəkdiriblər. Niyə təkcə Allahverdi Bağırovun qəbri, başqa şəhidlərimizin qəbri yoxdur orda?
- Torpağımızın bu vəziyyəti adama çox pis təsir edir. Kim ağdamlıdırsa, bu hissləri mənim kimi yaşayır. Bu hissləri hər kəs yaşayır.
Təkcə Ağdamda iki şəhidlər xiyabanı var idi. Birinci Şəhidlər Xiyabanında bütün qəbirləri yerlə-yeksan ediblər, qəbirlərin hamısını qazıb çıxardıblar. Orda Allahverdi Bağırovun qəbrinin yerini müəyyən edib, onu bir qədər bərpa edə biliblər.
İkinci Şəhidlər Xiyabanının isə yeri tamamilə bilinmir. Təmiz yox eləyiblər.
- Necə olub ki, Allahverdi Bağırovun qəbrinin yeri saxlanılıb?
- O vaxt Allahverdi Bağırovun ermənilərdə bir Vitalik adında erməni ilə əlaqələri olub. Meyitləri, əsirləri, girovları dəyişdirirdilər. Onlar Qarabağ futbol komandasına bir yerdə oynamışdılar. Allahverdi Bağırov Vitaliklə bu əlaqələrdən istifadə edərək, o vaxt Xocalıda 1500-ə qədər əsir, girov və meyitləri dəyişdirə bilmişdi. O vaxt ermənilər Allahverdi Bağırovun qəbrini saxlamışdı. Sonra dağıtdılar. İndi qəbrin yerində qırıq daşları qalıb. O daşlara görə də müəyyənləşdiriblər ki, orda Allahverdi Bağrovun qəbri var.
Bir həftə qabaq mən Real.tv, AzTv və iki nəfər tədqiqatçı ilə ora baxmağa getmişdik. Xocalılardan da bir-iki ailənin üzvü bizimlə getdilər. Məsələn, xocalılar deyirdilər ki, biz əmimizi 7-cı sırada basdırmışdıq, amma o qəbirlərin yeri bilinmir. Təsadüfi yer göstərirlər ki, hə, burda ola bilər. Bircə Allehverdi Bağırovun qəbrinin qırıq daşları qalmışdı. Onunla bildik ki, onun qəbridir. Amma heç bir qəbir qalmayıb, dağıdılıb, tanınmır.

“Qiymətləndirmə tədqiqat aparılır”
- Zülfü müəllim, Ağdamda invertarlaşma işləri necə aparılır?
- Prezidentin tapşırığı var. Prezident Aparatından, müxtəlif təşkilatlardan və AzTv-dən Ağdama qrup gəlmişdi. Bu təşkilatlarla mən işlədim. Kəndlərə isə ayrı qruplar göndərilib. Onlara şəhərdəki obyektlərin, küçələrin, məktəblərin texnikomların hamsının yerini dedim. Onlara 190 obyekt çəkdirdim. 4 gün bir yerdə işləyib, hamısını çəkdirdik. Qiymətləndirmə üçün bu saat da işlər gedir, tədqiqat aparılır və bunun əsasında da dəyən ziyan mütləq hesabanacaq.
- Ağdamın əvvəlki planı varmı və bərpa işlərinin onun əsasında aparılması nəzərdə tutulur, yoxsa köhnə plan əsasında qurulacaq?
- Bəli, Ağdam üçün yeni baş plan hazırlanır. Ağdamın əvvəlki vəziyyətinin saxlanması ilə bağlı dəqiq məlumatım yoxdur. Söhbət var ki, əsas görkəmi, simvollar saxlanacaq. Şəhərin salınması üçün hamısı təzədən qurulmalıdır. Şəhər müasir plan əsasında müasir qaydada olacaq. Ağdam ərazisinin, təxminən, 30 faizə qədəri bizdə idi, orda işlər gedir. Orada 95 min əhali yaşayır, burada gündəlik işlər gedir. İşğaldan azad olunan yerlərdə hansı işlərin görüləcəyi hələ ki, bilinmir.
- Ərazilərin minalardan təmizlənməsi ilə bağlı hansı məlumatınız var?
- Ağdama gedəndə media nümayəndələrinə minatəmizləmə prosesini göstərdilər. Həmin vaxt minalar partladıldı. Yəni ANAMA işləyir. Ağdamda işləyən qrupların rəhbərləri - Etiram və İdris müəllimin hər ikisi ilə çox yaxşı münasibətlərim var. Və bu gün siz də bilirsiz ki, minalardan təmizlənmiş ərazilərdə 1700 hektara qədər əraziyə taxıl əkilib.
- Zülfü müəllim, belə fikirlər səslənir ki, dağılmış ərazilərdən müəyyən guşələri tarix üçün saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır. Buna necə baxırsınız?
- II Dünya Müharibəsində mühasirədə olan Volqoqradda olmuşam. Orada “Pavlovun evi” adlı abidə var, o evi 7-8 nəfər bir həftə mühasirədə saxlayıb. Bu günə qədər o ev olduğu kimi saxlanır, bərpa olunmur. İnsanlar ora gedir, o illəri xatırlayırlar. Bizim Prezident dedi ki, müəyyən sahələrdə müharibədən qalan o cür eksponatlar saxlanacaq. Harada, necə olacaq, hələlik bilinmir.
- Hans hissələrin saxlanmasını daha məqbul sayardınız?
- Məncə, hansı guşəsini saxlasalar, ora abidədir.
- Perspektivdə Ağdamı necə görürsünüz?
- Bayaq dedim ki, o torpaqların azad olunacağı günü görəcəyimi düşünürdüm. Şükürlər olsun ki, azad olundu. İndi də düşünürəm, Prezidentin rəhbərliyi, qətiyyəti ilə çox qısa müddətdə Ağdam və digər rayonlar tam təmizlənəcək. Və gənclərimiz gedib o azad olunmuş ərazilədə yaşayacaqlar. Azərbaycanın bütövlüyü, xoşbəxt gələcəyi bərpa olunacaq.